“Yuventus” 75 milyon avroya yeni “7” nömrə transfer etdi

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Turin təmsilçisi A Seriyasının digər iştirakçısı “Fiorentina”dan Duşan Vlahoviçi transfer edib.

Bu barədə “Yuventus”un rəsmi saytı məlumat yayıb. Turin təmsilçisi serbiyalı hücumçuya görə Florensiya klubuna 75 milyon avro ödəyib. 21 yaşlı futbolçu özü isə yeni klubunda ilinə 7 milyon avro qazanacaq.

“Fiorentina” Vlahoviçi 2018-ci ildə Serbiyanın “Partizan” klubundan təxminən 2 milyon avro qarşılığında transfer etmişdi. O, florensiyalıların heyətində bütövlükdə 108 oyuna çıxıb, 49 qola imza atıb. Gənc futbolçu bu mövsüm meydana çıxdığı 21 çempionat matçında 17 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Duşan Serbiya yığmasında da 14 oyun keçirib, 7 qol vurub.

Duşan Vlahoviç “Yuventus”la 4 illik müqaviləyə imza atıb. O, 2026-cı ilin 30 yanvarına kimi məhz bu klubun uğurları üçün çalışacaq. Serbiyalı futbolçu yeni komandasında 7 nömrəli formanı geyinəcək. Hansı ki, ondan öncə Turin təmsilçisində bu nömrə Kristiano Ronaldoya məxsus olub. Portuqaliya yığmasının lideri İngiltərənin “Mançester Yunayted” klubuna gedəndən həmin nömrə boşda idi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: