“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi milli komandamızın və “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi cari mövsümün sonunadək “Qarabağ”dan icarəyə götürülüb.
Rahil Məmmədov 2018-ci ilin yayından Ağdam klubunda çıxış edir. 26 yaşlı futbolçu əsas heyət üzvü olmadığından daha çox ehtiyatda qalır. Azərbaycan millisinə də dəvət alan müdafiəçi daha əvvəl “Neftçi” və “Səbail”in şərəfini qoruyub.
Xatırladaq ki, “Zirə” bu qış Hamidu Keyta (“Santa Klara”, Portuqaliya) və Brayan Alseusu (“Qaz Metan”, Rumıniya) da transfer etmişdi. Əvəzində sözügedən klub Velves Santos Damatsena və Rəşad Əzizli ilə yollarını ayırıb.


