Kevin Medina: “Hədəfim ən azı dörd qol vurmaqdır”

Qarabağ”ın müdafiəçisi Kevin Medina Ağdam klubunun rəsmi saytına açıqlama verib. Arena.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunda “Qəbələ” ilə qarşılaşmada (5:1) fərqlənən futbolçu “Qarabağ”da ilk rəsmi qolunu vurub.

Kolumbiyalı müdafiəçi ilk qolu barədə bunları deyib: “Həqiqətən də gözləyirdim ki, komandam üçün qol vuracağım gün gələcək. Buna görə çox xoşbəxtəm. Çox şirin və unudulmaz an idi. Hər dəfə standart vəziyyətlərdə irəli gedəndə düşüncəmdə qol vurmaq və komandama xeyir vermək olub. Ancaq qol vurmağım alınmırdı. Allah “Qarabağ”da ilk qol vurmağımı həmin günə nəsib etdi. Qarşılaşmada qapımıza mənim müdaxiləmdən sonra penalti təyin edilmişdi. Bu səbəbdən komandamız mənə görə qol buraxdı. Daha sonra isə Tanrı mənə qol vurmaq fürsəti yaratdı. Qol vurduqdan sonra ikiqat sevinc yaşadım. Bu mövsüm bir qolla kifayətlənmək istəmirəm. Ən az dörd qol vurmaq fikrindəyəm. Hədəfim budur”.

Bu gün doğum gününü qeyd edən Kevin Medina azarkeşlərə xoş mesajlara görə də təşəkkür edib:

“Doğum günümlə bağlı azarkeşlərimizdən çoxsaylı xoş mesajlar alıram. Onların hər birinə təşəkkür edirəm. Azarkeşlərimizin dəstəyini hər zaman hiss edirik. Çalışacağıq ki, mövsümün sonunda onları sevindirək. Hazırda çempionatda 1-ci pillədəyik və mövqeyimizi qorumaq üçün sona qədər mübarizə aparacağıq”.

Mərkəz müdafiəçisi olan Medina 2020-ci ilin iyulundan “Qarabağ”da forma geyinir. 28 yaşlı futbolçu Ağdam təmsilçisində əsas heyət üzvlərindən biridir. O, daha öncə Portuqaliyada “Çaves”, “Akademiko Vizeu”, “Pinhalnovense”, “Sintrense”, “Moura” və “Naval” kimi klublarda çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: