Azərbaycan millisi Avropa çempionu oldu!

Sərbəst güləş üzrə Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan 23 yaşlıların Avropa çempionatında tarixi uğura imza atıb. Arena.az xəbər verir ki, bu gün qitə birinciliyinə yekun vurulub.

Yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında yollanan Azərbaycan millisi 7 medal qazanıb.

Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.

Beləliklə, 10 çəkidən 9-da təmsil olunan millimiz 4 qızıl və 3 bürünc medal əldə edib. Yekunda 159 xal toplayan yığmamız komanda hesabında Avropa çempionu olub. Türkiyə (151) ikinci, Gürcüstan (149) isə üçüncü yeri tutub.

Həm medalların əyarına, həm də komanda hesabına görə bu nəticə sərbəst güləş millimizin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: