“Avropa çempionatında qızıl medal qazandığım üçün çox sevinirəm”

Macarıstanda keçirilən Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə Azərbaycan millisi bu gün vətənə qayıdıb. Arena.az xəbər verir ki, Avropa çempionu olan Məhəmmədxan Məhəmmədov (97 kq) jurnalistlər üçün təşkil olunmuş brifinqdə fikirlərini bölüşüb:

“Sözsüz ki, çempion olduğum üçün çox sevinirəm. Bu nəticəni qazanmağımda əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Göstərdiyi diqqət və qayğıya görə federasiya rəhbərliyinə və bizi bu yarışa yüksək səviyyədə hazırlaşdıran yığma komandanın məşqçilərinə minnətdaram”.

Avropa çempionatını gümüş medalla başa vuran Hacı Əliyev (65 kq) isə bunları deyib:

“İlk növbədə bu gözəl qələbə münasibətilə xalqımızı təbrik edirəm. Həqiqətən uşaqlarımız çox yaxşı güləşdilər. Olimpiadadan sonra bir neçə ay fasilə götürdüm. İstirahəti başa vurduqdan sonra düşündüm ki, cəmi 2 ildən sonra növbəti Olimpiya Oyunlarıdır və Paris-2024-də iştirak edə bilərəm. Artıq gələn il ilk lisenziya yarışı olacaq. AÇ öncəsi millinin sonuncu təlim-məşq toplanışında iştirak etdim. 4-cü dəfə Avropa çempionu olmaq istəyirdim. Ancaq tam hazır deyildim. Şükür Allaha, yenə də medalsız gəlmədim. Yaxşı nəticə göstərdim.

Hədəfim Olimpiya çempionu olmaqdır. İnşallah, Parisdə qızıl medal qazanaram. AÇ-nin finalında qarşılaşdığım İsmayıl Musukayev yaxşı rəqibdir. İlk hissədə ayağım ilişdi və “xaç” fəndinə görə rəqib 6 xal qazandı. Özümdən asılı olmadan bu vəziyyətə düşdüm. Onun məndən güclü və məğlubedilməz olduğunu düşünmürəm. Sadəcə, bu dəfə görüş alınmadı. Bu, Olimpiadadan sonra ilk yarışım idi. Məndən fərqli, digər komanda yoldaşlarımın yarış təcrübəsi var idi. Bu da finalda rol oynadı.

Məhəmmədxan güclü güləşçidir. Üzərində çalışsa, olimpiya çempionu ola bilər. Ancaq tək o yox, başqa olimpiya çempionu ola biləcək güləşçilərimiz də var. Heyətimizdə məndən başqa hamısı gəncdir. Avropa çempionatındakı qələbə Paris-2024-də bizi yaxşı nəticələrin gözlədiyini göstərir”.

Xatırladaq ki, Azərbaycan millisi Avropa çempionatında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb və komanda hesabında 1-ci yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: