Prezident Güləş Federasiyasına daha bir milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında yeni sərəncam imzalayıb. Arena.az xəbər verir ki, sərəncamla böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək göstərişi verilib.

Xatırladaq ki, Azərbaycan komandaları Avropa çempionatında ümumilikdə 16 medal əldə ediblər. Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub. Milli üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş medal qazanıb. Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib çıxıb.

Sərbəst güləş millisindən isə 7 nəfər medal əldə edib. Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş medala sahib çıxıb. Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb. Qadın güləşində isə yalnız Elis Manolova (65 kq) gümüş medal əldə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev martın 18-də də Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: