Portuqaliya çempionatının qalibi bəlli oldu – “Portu”dan 30-cu zəfər!

Futbol üzrə Portuqaliya çempionatının 2021/22 mövsümünün qalibi məlum olub. Arena.az xəbər verir ki, “Portu” mövsümün sonuna bir tur qalmış çempionluğu təmin edib.

Sözügedən komanda ölkə çempionatının 33-cü turu çərçivəsində səfərdə əzəli rəqibi “Benfika” ilə qarşılaşıb. Qonaqlar bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar. Yeganə qolu 90+4-cü dəqiqədə Zaydu Zanuzi vurub. Bununla da Portu təmsilçisi xalını 88-ə yüksəldib və 82 xalda qalan “Sportinq” üçün əlçatmaza çevrilib. “Benfika” isə 71 xalla üçüncü pillədə qalıb. Son turun oyunları heç nəyi dəyişdirməyəcək və “Portu” qızıl, “Sportinq” gümüş, “Benfika” isə bürünc medalları qazanacaq.

“Portu” tarixində 30-cu dəfə Portuqaliya çempionatının qalibi olub. Bu baxımdan sözügedən klub yalnız əzəli rəqibi “Benfika”dan geri qalır – 37 dəfə. “Sportinq”in isə 19 çempionluğu var. Portuqaliyada bu üç nəhəngdən başqa cəmi 2 klub ölkə çempionu ola bilib. “Belenenseş” (1945/46) və “Boavişta”nın (2000/01) hərəyə bir çempionluğu var.

Sonda 128 yaşı olan “Portu” klubunun bütün çempionluqlarının siyahısını təqdim edirik:

1934–35, 1938–39, 1939–40, 1955–56, 1958–59, 1977–78, 1978–79, 1984–85, 1985–86, 1987–88, 1989–90, 1991–92, 1992–93, 1994–95, 1995–96, 1996–97, 1997–98, 1998–99, 2002–03, 2003–04, 2005–06, 2006–07, 2007–08, 2008–09, 2010–11, 2011–12, 2012–13, 2017–18, 2019–20, 2021–22

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: