Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub. Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı serbiyalı mütəxəssis Aleksandar Trifunoviç çalışdıracaq.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Trifunoviçə köməkçi məşqçi qismində litvalı Aurimas Jasilionis yardım edəcək.
Baş məşqçinin qarşısına bir sıra şərtlər qoyulub. Ən mühüm şərtlərdən biri 28 iyun – 3 iyul aralığında Maltada keçiriləcək kiçik ölkələr arasında Avropa çempionatının C divizionunda millimizin yaxşı nəticə qazanmasıdır. Bu və digər bir neçə nəticə bəlli olduqdan sonra məşqçi ilə müqavilənin yenilənməsi və ya xitam verilməsi məsələsinə baxılacaq.
Millimizin sabiq baş məşqçisi Samit Nuruzadə də əsas yığmamıza dəstək göstərməkdə davam edəcək. O, millidə məsləhətçi vəzifəsini icra edəcək.
Azərbaycan millisinə yeni baş məşqçi təyin olunan Aleksandar Trifunoviç 1967-ci il may ayının 30-da Serbiyanın Belqrad şəhərində anadan olub. O, idmançı karyerası ərzində Serbiyanın “Srvena Zvezda” (1986-88, 1991-97) və “Atlas” (2000-2001), Xorvatiyanın “Zadar” (1988-91), İsveçrənin “Fribur Olimpik” (1997-98), Polşanın “Şlensk Vrotslav” (1998-2000) klublarında çıxış edib. 1993 və 1994-cü illərdə Yuqoslaviya çempionu olub.
Trifunoviç məşqçilik karyerasına 2002-ci ildə Serbiyanın “Srvena Zvezda” klubunda başlayıb. O, bir mövsüm köməkçi olmaqla üç mövsüm bu klubun uğurları üçün çalışıb. Serbiyalı mütəxəssis 2006-07 və 2007-08 mövsümlərində Litvanın “Letuvos Ritas” klubunda ilk mövsümdə köməkçi, ikincidə isə baş məşqçi olmaqla iki il fəaliyyət göstərib. Daha sonra o, Yunanıstanın “Panionios” (2008-09), Serbiyanın “Srvena Zvezda” (2009-10), Litvanın “Letuvos Ritas” (2010-11), “Jalgiris” (2011-12), Qazaxıstanın “Astana” (2013-15), Türkiyənin “Yeşilgiresun Bələdiyyə” (2016-17), “Pınar Karşıyaka” (2017-18), Bosniya və Herseqovinanın “İqokeya” klublarında (2019) baş məqçi kimi fəaliyyət göstərib. Serbiyalı məşqçinin son iş yeri 2020-ci ildən çalışdığı Rusiyanın “Ximki” klubu olub.
Mütəxəssis baş məşqçi kimi 2007-ci ildə Litvanın “Letuvos Ritas” klubu ilə Baltik liqası çempionu, 2012-ci ildə eyni ölkənin “Jalgiris” klubunu çalışdırarkən Litva çempionu və eyni zamanda Litva kubokunun qalibi olub. Aleksandar Trifunoviç 2012-ci ildə “Jalgiris”lə həm də Baltik Liqasının qalibi olub.


