“Gəncə” və “LANDAU Lions”dan Avropa Kubokuna uğursuz start

Azərbaycanın “Gəncə” və “LANDAU Lions” komandaları basketbol üzrə FIBA Avropa Kubokunun müntəzəm mövsümünə start veriblər.

Arena.az xəbər verir ki, hər iki komanda bu gün 2026/2027-ci illər mövsümündə ilk avrokubok matçlarını keçirib.

G qrupunda yer almış paytaxt təmsilçisi startda İsveçrənin “Lions de Geneve” komandasını qəbul edib. Erhan Tokerin baş məşqçisi olduğu komanda Bakı İdman Sarayında təşkil olunmuş görüşdən 83:105 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, “LANDAU Lions” bu qrupda “Prievidza” (Slovakiya), “Bakken Birs” (Danimarka), “Dənizli Basket” (Türkiyə) və “Benfika” (Portuqaliya) ilə də qarşılaşacaq. Azərbaycan təmsilçisi növbəti matçını oktyabrın 13-də Slovakiya komandasına qarşı keçirəcək.

“Gəncə” isə ilk turda Türkiyənin “Esenler Erokspor” komandasının qonağı olub. C qrupunun matçı İstanbul şəhərində keçirilib. Azərbaycan təmsilçisi rəqibinə məğlub olub – 63:92.

Gəncənin eyniadlı təmsilçisi qrup mərhələsində “Universitatya Krayova” (Rumıniya), “Sportinq” (Portuqaliya), “Rilski Sportist” (Bolqarıstan) və “Kolossos”la (Yunanıstan) da üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: