Qaret Beyl Madrid “Real”ından ayrıldı

Futbol üzrə Uels millisinin yarımmüdafiəçisi Qaret Beyl Madrid “Real”ından ayrılıb. Arena.az xəbər verir ki, 32 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, vida mesajında bunları qeyd edib: “Bunu keçmiş və indiki bütün komanda yoldaşlarıma, eləcə də məni dəstəkləyən məşqçilərə, “Real”ın heyətinə və azarkeşlərə təşəkkür etmək üçün yazıram.

Doqquz il əvvəl “Real”a arzusunu gerçəkləşdirmək və bu klubda oynamaq istəyən çox gənc oyunçu kimi gəlmişdim. Sinəsində “Real”ın nişanı olan “Real” forması ilə oynamaq, “Santyaqo Bernabeu”da mübarizə aparmaq, kuboklar qazanmaq və möhtəşəm bir işin bir hissəsi olmaq istəyirdim. İndi geriyə baxıb səmimiyyətlə deyə bilərəm ki, arzum həqiqətən gerçəkləşdi.

“Real”ın bir hissəsi olmaq və əldə etdiyimiz hər şeyə nail olmaq inanılmaz təcrübədir və mən bunu heç vaxt unutmayacam. Bu, mənim üçün şərəf idi. Təşəkkürlər!”

Qaret Beyl 2013-cü ildən Madrid klubunda çıxış edirdi. O, “Real”la 3 dəfə İspaniya çempionatının, 1 dəfə İspaniya kubokunun və Super Kubokunun qalibi olub. Uels yığmasının kapitanı İspaniya klubu ilə 5 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun və 4 dəfə klublararası dünya çempionatının qalibi adını qazanıb.

Təcrübəli futbolçu peşəkar karyerasına İngiltərənin “Sauthempton” klubunda başlayıb. O, 2007-ci ildə məhz bu klubdan “Tottenhem”ə transfer olunub. “Real”a London təmsilçisindən gələn Beyl, ötən mövsüm icarə əsasında yenidən İngiltərə klubuna qayıtmışdı. Uelsli yarımmüdafiəçi “Real”dakı 8 mövsüm ərzində bütövlükdə 258 matça çıxıb, 106 qol vurub. O, ölkəsinin yığma komandasında da 102 matçda 38 dəfə fərqlənib.

Xatırladaq ki, “Real”da bir neçə gün öncə İsko da komandadan ayrıldığını açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: