“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç İngiltərənin “Everton” klubu ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə Liverpul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
35 yaşlı qolkiper yeni müqaviləyə əsasən 2023-cü ilin yayına kimi Premyer Liqa klubunun şərəfini qoruyacaq. Onun əvvəlki sözləşməsinin müddəti bu yay başa çatırdı.
Klubdan verilən məlumatda digər qapıçı Endi Lonerqana da yeni müqavilə təklif olunduğu diqqətə çatdırılıb. Lakin 38 yaşlı qolkiperin hələ yekun qərar vermədiyi bildirilir.
“Everton”un yeni müqavilə təklif etdiyi daha bir futbolçu – sağ cinah müdafiəçisi Conco Kenni isə komandada qalmaq istəməyib. O, özünü başqa komandada sınamaq istədiyini rəhbərliyə bildirib.
Xatırladaq ki, Asmir Beqoviç 2019/2020 mövsümünün birinci yarısını icarə əsasında “Qarabağ”da keçirib. Həmin vaxt o, İngiltərənin digər klubu “Bornmut”a məxsus idi. Bosniya və Herseqovinadan olan futbolçu, karyerası ərzində “Portsmut”, “Stok Siti”, “Çelsi” və “Milan” kimi komandalarda da oynayıb.


