“Zirə” komandasının Avropa Konfrans Liqasına və Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlıq planı bəlli olub. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, iyunun 13-dən təlim-məşq toplanışına start verən komanda iyunun 23-nə qədər Bakıda məşq edəcək. İyunun 24-də isə zirəlilər Türkiyəyə yola düşəcək. “Qartallar” Bolu şəhərində “Vonresort” otelində məskunlaşacaq. Rəşad Sadıqovun çalışdırdığı kollektiv bu müddətdə iki yoxlama oyunu keçirəcək.
“Zirə” iyulun 7-də Bakıya dönəcək. İsrailin “Makkabi” (Təl-Əviv) komandasına qarşı Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına son hazırlıq mərhələsi ölkədə olacaq.
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda olacaq. Rəşad Sadıqovun komandası ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirməli olacaq.


