Futbol üzrə Kamerun yığmasının qapıçısı Andre Onana “Ayaks”dan ayrılıb. Arena.az xəbər verir ki, 26 yaşlı qolkiper qolkiper bundan sonra İtaliyanın “İnter” klubunda davam etdirəcək.
Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb. Kamerunlu qolkiperlə 5 illik müqavilə imzalanıb. İtaliya təmsilçisi bu transfer üçün təzminat ödəməyib. Buna qapıçının “Ayaks”dan azad agent kimi ayrılması səbəb olub. Belə ki, onun Niderland klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatıb. Nəticədə futbolçu azad agent kimi “İnter”dən aldığı təklifi qəbul edib. 26 yaşlı oyunçu yeni klubunda ilinə 3 milyon avro qazanacaq.
Andre Onana “Ayaks”ın yetirməsidir. O, peşəkar karyerasına da 2016-cı ildə məhz bu komandada başlayıb. Kamerun yığmasının üzvü Niderland nəhənginin əsas komandasında keçirdiyi 6 mövsüm ərzində 214 matça çıxıb. Onana ölkəsinin milli komandasında da 30 matç keçirib.
“İnter” Onana ilə yanaşı, Albaniya yığmasının yarımmüdafiəçisi Kristyan Asllanini də transfer edib. İtaliyanın digər klubu “Empoli”dən transfer olunan 20 yaşlı futbolçu üçün qarşı tərəfə 14 milyon avro ödənilib. Gənc yarımmüdafiəçi Milan klubunda 14 nömrəli formanı geyinəcək. Amma onunla müqavilənin müddəti və digər detalları açıqlanmayıb. “Empoli” isə futbolçusunun satınalma şərti ilə icarəyə verildiyini açıqlayıb.
Kristyan Asllani də peşəkar karyerasına “Empoli”də başlayıb. 20 yaşlı futbolçu ölkəsinin gənclərdən ibarət yığması ilə yanaşı, əsas milliyə də dəvət alır. Təsadüfi deyil ki, perspektivli futbolçu artıq Albaniya yığmasında 4 oyun keçirib.



