Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa nəhəngi Niderlandın “Ayaks” klubunun hücumçusu Sebastyen Halleri transfer edib.
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Bu yay Erlinq Halandı İngiltərənin “Mançester Siti” klubuna satan Dortmund təmsilçisi, onun yerini Hallerlə doldurub. Fil Dişi Sahili yığmasının da üzvü olan 28 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Almanlar bu transferə görə “Ayaks”a 31 milyon avro təzminat ödəyəcək. Sebastyen yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Sebastyen Haller 2021-ci ilin yanvarından “Ayaks”da forma geyinirdi. O, ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 42 matçda 34 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Hücumçunun “Ayaks” karyerası 66 oyun və 47 qoldan ibarətdir.
Peşəkar karyerasına “Oser”də başlamış Haller, daha sonra “Utrext”, “Ayntraxt” (Frankfurt” və “Vest Hem” kimi klublarda da forma geyinib. O, Fil Dişi Sahili yığmasında 15 oyuna 4 qol vurub.
Yeri gəlmişkən, Halleri “Borussiya”ya satan “Ayaks” gənc forvardı Naci Ünüvarla yeni müqavilə bağlayıb. 19 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir. “Ayaks”ın öz yetirməsi olan futbolçu əsas komandada bir neçə oyuna çıxsa da, əvəzedici heyətin oyunçusu sayılırdı. Lakin geridə qalan mövsümdə 35 oyuna 16 qol vurub, 13 məhsuldar ötürmə etmiş niderlandlı futbolçu, yeni mövsümə əsas komanda ilə hazırlaşır.



