“Betis” 40 yaşlı kapitanla yeni müqavilə bağladı, 2 braziliyalı transfer etdi

İspaniyanın “Betis” klubu kapitanı Xoakin Sançes ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

40 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilə bu ilin 30 iyununa qədər idi.

Xoakin Sançes “Betis”in öz yetirməsidir. O, 2000-ci ildə debüt etdiyi bu klubun əsas komandasında 2006-cı ilə qədər forma geyindikdən sonra “Valensiya”ya üz tutub. Beş il bu komandada çıxış edən futbolçu daha sonra “Malaqa” və “Fiorentina”da forma geyinib. Sançes 2015-ci ildə yenidən doğma klubuna qayıdıb. Vinger bu klubla iki dəfə İspaniya kubokunun qalibi olub. O, doğma komandasının heyətində bütövlükdə 451 rəsmi matça çıxıb, 61 qol vurub və 44 məhsuldar ötürmə edib.

“Betis” heyətini yeni futbolçularla da gücləndirib. La Liqa təmsilçisi Braziliyanın “Fluminense” klubunun gənc forvardı Luis Enrikeni heyətinə qatıb. Braziliyalı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

“Fluminense”nin öz yetirməsi olan Luis Enrike, bu klubun əsas komandasında 2020-ci ilin avqustunda debüt edib. O, bu komandanın heyətində meydana çıxdığı 118 rəsmi matçda 14 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

“Betis” İtaliyanın “Latsio” klubunun braziliyalı mərkəz müdafiəçisi Luis Felipeni də heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Luis Felipe peşəkar karyerasına yetirməsi olduğu Braziliyanın “İtuana” komandasında başlayıb. Sözügedən klub onu “Latsio”ya 2016-cı ildə satmışdı. Müdafiəçi elə həmin il İtaliyanın digər klubu “Salernitana”ya icarəyə verilib. 2017-ci ildə yenidən “Latsio”ya qayıdan futbolçu geridə qalan beş mövsüm ərzində paytaxt təmsilçisinin heyətində 152 matça çıxıb. O, bu görüşlərdə 3 qol vurub, 5 məhsuldar ötürmə edib. Luis Felipe Braziliyanın U-20 və U-23 yığmalarında oynasa da, bu il İtaliyanın əsas millisində də bir oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: