Futbol üzrə Portuqaliya yığmasının sabiq yarımmüdafiəçi Luis Nani özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 35 yaşlı vinger bundan sonra Avstraliyanın “Melburn Viktori” komandasının uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Azad agent statusuna malik futbolçu ilə 2 illik sözləşmə imzalanıb. Nani yeni komandasında 17 nömrəli formanı geyinəcək.
Nani son olaraq İtaliyanın “Venesiya” komandasında çıxış edib. O, A Seriyası təmsilçisi ilə bu ilin əvvəlində yarım mövsümlük müqavilə bağlamışdı. Sözügedən komandada 10 matça çıxan vinger qol vura bilməyib.
Luis Nani əvvəllər İtaliyada “Latsio”nun da uğurları üçün çalışıb. O, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Fənərbaxça”, “Valensiya” və “Orlando Siti” klublarının da formasını geyinib. Portuqaliya millisində 112 oyun keçirmiş Luis Naninin hesabında 24 qol var.


