Futbol üzrə Kolumbiya milli komandasının sabiq hücumçusu Karlos Bakka İspaniyanın “Qranada” klubundan ayrılıb. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi ilə müqaviləsinin müddəti bitən futbolçu azad agent kimi ölkəsinə qayıdıb.
O, bundan sonra “Atletiko Junior” klubunun uğurları üçün çalışacaq. Bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb. Lakin 35 yaşlı hücumçu ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Karlos Bakka məhz “Atletiko Junior” klubunun yetirməsidir. O, peşəkar karyerasına da sözügedən klubda başlayıb və 2007-2011-ci illərdə bu komandada oynayıb. Lakin həmin dövrdə hücumçu “Barrankilya” və “Minerven” kimi klublara icarəyə də verilib. 2011-ci ildə isə Bakka Avropaya üz tutub. Onun köhnə qitədəki ilk ünvanı Belçika “Brügge”si olub. Sonralar “Sevilya”, “Milan” və “Vilyarreal”da da forma geyinən futbolçu, 2021-ci ilin iyulundan “Qranada”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 19 matçda cəmi 1 qol vurub.
Bakka Kolumbiya milli komandasının heyətində meydana çıxdığı 52 oyunda da 16 qol vurub.


