“Xetafe” “Real”ın hücumçusu ilə gücləndi

İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Madrid “Real”ının hücumçusu Xuanmi Latasanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyalı forvard 2022/23 mövsümünü icarə əsasında “Xetafe”də keçirəcək. Sözügedən klub mövsümün sonunda onun transfer hüquqlarına da yiyələnə bilər. Bunun üçün Madrid klubuna 1 milyon avro ödəmək lazım gələcək.

Xuanmi Latasa “Real”ın öz yetirməsidir. 21 yaşlı futbolçu “kral klubu”nun B komandasında çıxış edir. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına kimidir. Gənc forvard “Real Madrid Kastilya”da 50 oyuna 18 qol vurub. O, həm də İspaniyanın U-19 və U-20 yığmalarında oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: