Yunanıstanın “Olimpiakos” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Piyer təmsilçisi İtaliyanın “Verona” klubunun müdafiəçisi Panayotis Retsosu heyətinə qatıb.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma onun mövsümün sonuna qədər icarəyə götürdüyü iddia olunur.
Panayotis Retsos məhz “Olimpiakos”un yetirməsidir. O, 2016/17 mövsümündə bu komandanın heyətində 40 rəsmi matça çıxdıqdan sonra 2017-ci ildə 17.5 milyon avroya Almaniyanın “Bayer” (Leverkuzen) klubuna transfer olub. Müdafiəçi Bundesliqa təmsilçisində cəmi 44 matça çıxıb və 1 qol vurub. Almaniya klubu yunan futbolçunu İngiltərənin “Şeffild Yunayted” və Fransanın “Sent Etyen” komandalarına icarəyə də verib. Bu ilin əvvəlində isə “Bayer”dən azad agent kimi ayrılan futbolçu “Verona” ilə 2024-cü ilin yayına kimi müqavilə bağlamışdı. Lakin o, sözügedən komandada da cəmi 7 oyuna çıxıb. Retsos Yunanıstan yığmasında da 5 oyun keçirib.
“Verona”da daha 3 ayrılıq
Yeri gəlmişkən, “Verona” hücumçusu Mariuş Stepinski ilə David Flakus Bosili də icarəyə göndərib. Sterpinski Kiprin “Aris” (Limassol) klubuna, Bosil isə Sloveniyanın “Bravo” klubuna icarəyə verilib. Onların hər ikisi mövsümün sonunadək icarədə olacaq.
Mariuş Stepinski 2019-cu ilin sentyabrından “Verona”da çıxış edir. Polşadan olan 27 yaşlı futbolçu bu komandada 21 oyuna 3 qol vurub. Ötən mövsümü də “Aris”də keçirən futbolçu, 2020/21 mövsümündə də “Leççe”yə icarəyə verilmişdi. Polşa yığmasında 4 oyun keçirmiş hücumçu, əvvəllər “Kyevo”, “Nant”, “Rux”, “Visla” (Krakov), “Vidzev” (Lodz) klublarının da formasını geyinib.
David Flakus Bosil isə Sloveniyanın “Bravo” klubuna icarəyə göndərilib. Sloveniyadan olan 20 yaşlı futbolçu da bir il müddətinə icarədə olacaq.
Serbiyadan olan yarımmüdafiəçi Boqdan Yoçiç isə “Verona”dan birdəfəlik ayrılıb. 21 yaşlı futbolçu bundan sonrakı karyerasını ölkəsində, “Vozdovats” komandasında davam etdirəcək. Serbiya klubu onu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. O, yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Verona” onu 2019-cu ildə “Srvena Zvezda”dan 500 min avroya transfer etsə də, öncə “Metalak”, daha sonra “Pro Verçelli” klublarına icarəyə vermişdi.


