Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 9-cu tur çərçivəsində baş tutan “Qoritsa” ilə matçın iştirakçısı olub.
Zaqreb təmsilçisi bu rəqiblə səfərdə qarşılaşıb. Qarşılaşmanın taleyini bir qol həll edib. Zaqreblilər 90+2-ci dəqiqədə vurduqları qol sayəsində meydanı 3 xalla tərk ediblər. Mahir Emreli bu görüşün 64-cü dəqiqəsində meydana buraxılıb.
Son Xorvatiya çempionu olan “Dinamo” 9 turdan sonra 25 xalla zirvədə qərarlaşıb. Zaqreblilərin ən yaxın izləyicisi isə 14 xalı olan “Slaven” (Belupo) komandasıdır.


