Futbol üzrə Uels milli komandasının baş məşqçisi Robert Peyc ilə yeni müqavilə imzalanıb. Arena.az xəbər verir ki, bu barədə Uels Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
48 yaşlı mütəxəssis federasiya ilə 4 illik yeni sözləşmə imzalayıb. Peycin DÇ-2026-nın sonuna qədər bu vəzifədə çalışacağı diqqətə çatdırılıb.
Xatırladaq ki, Robert Peyc 2020-ci ilin noyabr ayından yığmaya rəhbərlik edir. O, bu postda Rayan Giqqzi əvəzləyib. Uels millisi bu mütəxəssisin rəhbərliyi altında 26 oyun keçirib, 10 qələbə qazanıb, 9 heç-heçə edib, 7 matçda isə məğlubiyyətlə üzləşib.
Uels bu il Qətərdə keçiriləcək dünya çempionatında İngiltərə, İran və ABŞ-la birlikdə B qrupunda mübarizə aparacaq.


