“Verona” Salvatore Bokkettini baş məşqçi təyin etdi

İtaliyanın “Verona” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Salvatore Bokketti çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır. 35 yaşlı Bokketti 2021-ci ildən bu klubda müxtəlif vəzifələrdə çalışırdı. Bu üzdən də klub rəhbərliyi komandanı məhz tanış bir məşqçiyə tapşırmağa qərar verib. O, bir neçə gün öncə istefaya göndərilmiş Qabriele Çoffini əvəz edib. Hansı ki, 47 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. “Verona” A Seriyasının geridə qalan 9 turunda cəmi 1 qələbə qazanıb və 5 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Qabriele Çoffi “Verona”ya bu ilin iyun ayında baş məşqçi təyin edilmişdi. Onunla 2 illik müqavilə imzalanmışdı. İtaliyalı mütəxəssis daha öncə “Kroli Taun” və “Udineze”yə də rəhbərlik edib.

Salvatore Bokketti isə ilk dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək. İtaliya yığmasının sabiq üzvü futbolçu karyerası dönəmində də “Verona”da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: