“Şamaxı”nın futbolçusu Adil Nağıyev Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün ilk avtoqolunun müəllifi olub. Arena.az xəbər verir ki, o, 10-cu tur çərçivəsində baş tutan “Qəbələ” ilə ev oyununda (1:1) öz qapısına qol vurub.
Müdafiəçi bununla da Azərbaycan çempionatları tarixinin antirekordunu təkrarlayıb. Belə ki, Adil Premyer Liqada 3-cü avtoqoluna imza atıb.
Onun əvvəlki iki uğursuzluğu “Zirə”də çıxış etdiyi 2018/19 mövsümünə təsadüf edib. Adil Nağıyev 2018-ci il sentyabrın 30-da “Sumqayıt”, 21 gün sonra “Keşlə” (indiki “Şamaxı”) ilə qarşılaşmada “fərqlənib”.
Dörd ildən sonra yenə öz qapısına qol vuran Adil Azərbaycan çempionatları tarixində ən çox avtoqol edən oyunçular sırasında qoşulub. O, üç belə üzüntü yaşayan 8-ci futbolçudur.
Nağıyevə qədər Denis Silva, Jairo Rodriges, Ayxan Abbasov, Saşa Yunisoğlu, Natiq Qasımov, həmçinin karyerasını hələ də Premyer Liqada davam etdirən Bədavi Hüseynov və Ruslan Abışov da üç avtoqol müəllifidir.
Qeyd edək ki, daha 17 oyunçu birdən artıq – hərəyə iki avtoqola üzülüb.
Son 12 ildə ilk dəfə!
Yeri gəlmişkən, “Şamaxı” cari mövsümdə keçirdiyi ardıcıl 10-cu oyunda da qapısında qol görüb. Bölgə təmsilçisi çempionatın startından bütün görüşlərdə rəqib topuna üzülən yeganə komandadır.
Bu, ölkə çempionatlarında son 12 ildə ilk belə seriyadır. Startda ardıcıl 10 oyunda qol buraxan sonuncu komandalar 2010/11 mövsümünə təsadüf edib. Həmin vaxt həm “Bakı”, həm “Turan” ilk 10 turun matçlarının heç birində qapısını toxunulmaz saxlaya bilməyib.
Xatırladaq ki, “Şamaxı” öz meydanında “Qəbələ” ilə heç-heçə edib – 1:1.


