“Zirə”nin sabiq hücumçu Riçard Qadze yenidən Azərbaycanda çıxış edəcək. Arena.az xəbər verir ki, qanalı hücumçu “Sumqayıt”la anlaşıb.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Son olaraq Banqadeşin “Şeyx Rassel” klubunda çıxış etmiş futbolçu ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, yeni komandasında “43” nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, Riçard Qadze iki fərqli dövrdə (2017-2018; 2019-2020) “Zirə”nin uğurları üçün çalışıb. O, karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın HJK (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının da şərəfini qoruyub.