Fransanın “Oser” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Kristof Pellisye çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2+1 illik müqaviləyə imza atıblar.
Kristof Pellisye “Oser”də istefaya göndərilmiş Jan-Mark Furlanı əvəz edib. Hansı ki, onun istefasına komandanın uğursuz nəticələri səbəb olub.
“Oser” bu mövsüm Liqa 1-də keçirdiyi 12 oyunda cəmi 2 qələbə qazanıb. 3 heç-heçə edən və 7 məğlubiyyətlə üzləşən komanda hazırda 9 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Kristof Pellisyenin sonuncu iş yeri “Loryan” olub. 57 yaşlı fransız mütəxəssis 2019-cu ildən çalışdırdığı bu komandadan bu ilin yayında ayrılıb.


