Vurğun Hüseynov və “Şamaxı” üçün əlamətdar oyun

Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turu “Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov üçün əlamətdar olub. Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu “Sumqayıt”ın heyətində 200-cü çempionat oyununa çıxıb.

“Gənclik şəhəri” təmsilçisinin kapitanının yubileyi “Şamaxı” ilə səfər qarşılaşmasına təsadüf edib. Bu görüşdə sumqayıtlılar 2:4 hesabı ilə uduzub.

2013/14 mövsümündən bu komandada çıxış edən Vurğun Hüseynov 200 matçda 2 qola imza atıb. O, klub tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçudur. Vurğun ölkə çempionatları tarixində eyni komandada 200 və daha çox qarşılaşmada iştirak edən 23-cü oyunçudur.

Yeri gəlmişkən, “Şamaxı” Azərbaycan Premyer Liqasında ardıcıl iki qələbə qazanıb. Bölgə təmsilçisi hər iki görüşdə ikidən çox qol vurmaqla məhsuldarlıq nümayiş etdirib. Vüqar Əsgərlinin yetirmələri “Turan Tovuz”la səfər (3:1), “Sumqayıt”la ev (4:2) qarşılaşmasında fərqlənib.

Şamaxının eyniadlı təmsilçisinin ardıcıl iki matçda 3 və ya daha çox qol vurmasına sonuncu dəfə 2015-ci ilin mayında təsadüf olunub. 7 il 6 ay əvvəl komanda hələ Bakı “İnter”i adı altında çıxış edirdi. 90 ay əvvəl komanda səfərdə “Simurq”u 3:2, evdə “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Xatırladaq ki, “Şamaxı” ölkə çempionatlarında 91 dəfə üç və ya daha çox qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: