Canni De Byazi: “Çox istəkli idik, belə davam etməliyik”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hər iki komanda son üç oyunda ardıcıl qələbə qazanmışdı. Yaxşı formada olan komandaya qarşı oynadıq. Diqqətli olmalıydıq. Bu gün yeni müdəfiə xətti ilə oynayırdıq. Mərkəzdə çıxış edən Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk çox yaxşı oyun keçirdilər. İlk hissədə əla futbol oynadıq, bir çox qol imkanları yaratdıq. Artıq ikinci hissənin son 10 dəqiqəsində oyunu xeyrimizə bitirə bilərdik. Komandanın oyunundan razı qaldım. 90 dəqiqə ərzində mübarizəni dayandırmadıq. Yeganə narahatlığım son dəqiqələrdə qol buraxmağımız oldu. Hərçənd buraxdığımız qolda situasiyanı daha yaxşı idarə edə bilərdik. Şahrudin Məhəmmədəliyev çox yaxşı oyun keçirdi. Futbolçularım çox istəkli idilər. Belə davam etməliyik”.

Canni De Byazi noyabrın 20-də keçiriləcək növbəti yoxlama oyununda da qələbə qazanmaq istədiklərini bəyan edib:

“Növbəti oyunda Şimali Makedoniya milli komandası ilə qarşılaşacağıq. Çox çətin rəqibdir, yaxşı futbolçuları var. Albaniya millisində çalışarkən onlara qarşılaşmışıq. Komandanı çox yaxşı tanıyıram. Uğurlu nəticə əldə etmək üçün daha yaxşı oyun keçirməliyik”.

“Azərbaycan millisi layiqli qələbə qazandı”

Moldova yığmasının baş məşqçisi Sergey Kleşenko isə məğlub olduqları matçdan sonra bu fikirləri dilə gətirib:

“Birinci hissədə oyunumuz alınmadı. Daim gecikirdik, çatdırmırdıq, təkbətəklərdə uduzurduq. İkinci hissədə isə oyun bir qədər dəyişdi, həm anlaşma, həm də dinamika baxımından daha yaxşı təsir bağışladıq. İkinci yarıdan daha çox razı qaldım, amma oyun iki hissədən ibarət olur. Təəssüf ki, bu gün Azərbaycan yığması qalib gəldi. Amma məncə, onlar bu qələbəyə layiq idilər.

Bu gün heyətdə çoxlu gənc futbolçu vardı. Hələlik, onlar üçün bir qədər çətindir. Çünki təcrübələri az olduğu kimi, klublarında da çox forma şansı qazanmırlar. Bu yaşda daimi oynamadınsa, çətinliklər olur. Amma biz vəziyyətin düzələcəyinə, onların klublarında daha çox forma şansı əldə edəcəyinə ümid bəsləyirik. Bu, bütün futbolçularımıza aiddir. Təbii ki, oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Bu oyunçulara şans verməyə davam edəcəyik. Amma təcrübəli oyunçulara da ehtiyac var. Nə qədər riskli olsa da, gələcək naminə gənc futbolçulara üstünlük vermək məcburiyyətindəyik. Çünki qarşıda bizi daha ciddi və rəsmi oyunlar gözləyir.

Azərbaycan yığmasında da ikinci hissədə bəzi dəyişiklər oldu və meydana gənc futbolçular buraxıldı. Hansı ki, onlar da özlərini göstərməli idilər. Bizdə də əsasən gənc oyunçular meydana buraxıldı. Məhz onların istəkli olması oyunumuzun daha da yaxşılaşmasına gətirib çıxardı”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: