Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Luis Enrike istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytı məlumat yayıb.
Xəbərdə 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırlıb. Enrike ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib.
Xatırladaq ki, Luis Enrike 2018-ci ilin iyul ayından yığmada işləyirdi. O, 2019-cu ilin martında ailəvi səbəblərə görə milli komandadan ayrılsa da, elə həmin ilin noyabrında yenidən öz işinə qayıtmışdı. İspaniya yığması bu məşqçi ilə 47 matça çıxıb, 26 qələbə qazanıb, 14 heç-heçə edib və 7 məğlubiyyətlə üzləşib. Komanda onun dönəmində AÇ-2020-də yarımfinala yüksəlib. İspaniya seçməsi DÇ-2022-nin 1/8 finalında Mərakeşə penaltilər seriyasında məğlub olub.
İspaniyalı mütəxəssis daha öncə “Roma”, “Selta” və “Barselona”da da baş məşqçi kimi çalışıb.
Artıq İspaniya millisinin yeni baş məşqçisi də bəllidir. Bundan sonra sözügedən komandanı Luis de la Fuente çalışdıracaq. Bu barədə İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
61 yaşlı mütəxəssislə dekabrın 12-də rəsmi müqavilə imzalanacaq. Bu üzdən də hələlik tərəflər arasındakı müqavilənin müddəti bəlli deyil.
Luis de la Fuente 2013-cü ildən RFEF ilə əməkdaşlıq edir. O, 2018-ci ilə qədər İspaniyanın U-19 edib. İspan məşqçi 2018-ci ildən etibarən də U-21 və U-23 yığmalarına rəhbərlik edirdi.


