Futbol üzrə Braziliya yığmasının müdafiəçisi Dani Alves milli karyerasını başa vurub. Arena.az xəbər verir ki, bu barədə o, Qətərdə təşkil olunmuş DÇ-2022-nin 1/4 final mərhələsi çərçivəsində baş tutan Xorvatiya ilə oyundan sonra jurnalistlərə açıqlamasında məlumat verib.
Meksikanın “UNAM Pumas” klubunda çıxış edən 39 yaşlı futbolçu Xorvatiya ilə matçın millidəki son oyunu olduğunu bəyan edib. O, millidən ayrılmağı düşünən komanda yoldaşı Neymarla da bağlı danışıb: “Neymarda eyni halın olacağını düşünmürəm. O, əla hücumçudur. Braziliya futbolunun ona ehtiyacı var”.
Xatırladaq ki, Braziliya Xorvatiyaya penaltilər seriyasında (əsas vaxt 1:1, penaltilər 2:4) uduzaraq mübarizəni dayandırıb. Neymar görüşdən sonra yığmadakı karyerasını bitirə biləcəyini açıqlayıb.
Dani Alves 2006-cı ildən formasını geyindiyi Braziliya yığmasında 126 oyuna çıxıb. Sağ cinah müdafiəçisi bu oyunlarda 8 qol da vurub. O, klub karyerası ərzində də “Bahia”, “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ və “San Paulo”da forma geyinib.


