“Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində doğma meydanda “Sabah” ilə üz-üzə gəlib. Arena.az xəbər verir ki, öz meydanında 0:6 hesabı ilə uduzan Samir Abasovun yetirmələri klub tarixinin antirekordunu təkrarlayıb.
Bu, klub tarixinin Premyer Liqada iki ən ağır ev məğlubiyyətlərindən biridir. “Sumqayıt”ın digər acınacaqlı nəticəsi də eyni hesabla olub.
Həmin matç 2018/19 mövsümünə təsadüf edib. 2019-cu il aprelin 1-də keçirilmiş oyunda “Qarabağ” Sumqayıtda 6 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, “Sabah”ın vurduğu 3-cü qol “Sumqayıt”ın Premyer Liqada buraxdığı 500-cü top olub. 346-cı matçda bu rəqəmə çatan “Gənclik şəhəri” təmsilçisi bu qədər qol buraxan 8-ci komandadır.
Bu oyun “Sabah” üçün də əlamətdar olub. Paytaxt təmsilçisi 6:0 hesablı qələbə ilə özünün dörd rekorduna imza atıb. Sözügedən komanda mövsümdə 13-cü qələbəsini qazanıb. Bu, klub tarixində ən yüksək göstəricidir. Bakılılar ötən mövsümü 12 qələbə ilə tamamlamışdı.
Paytaxt klubu cari mövsümdə 43 xal toplayıb. “Sabah” indiyədək çempionat ərzində bu qədər xal yığmamışdı. Ötən mövsüm komanda 28 oyunda 41 xal toplamışdı.
“Sabah” tarixində ilk dəfə Premyer Liqa matçında 6 qol vurub. Bunadək iki görüşdə 5 dəfə fərqlənən komanda klub tarixinin rekordunu rəsmiləşdirib.
Bu, həm də klub tarixində ən böyükhesablı qələbə olub. İndiyədək “Sabah”ın ən böyük qələbəsi “Kəpəz”lə cari mövsümün ev matçına təsadüf etmişdi – 5:0.


