“Səbail”in yarımmüdafiəçisi Emin Zamanov bundan sonra karyerasını “Şamaxı”da davam etdirəcək. Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Zamanov mövsümün ikinci yarısından etibarən əyalət klubunun məşqçilər korpusunun sərəncamında olacaq. 25 yaşlı oyunçu yeni klubu ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.
Emin Zamanov bu ilin iyulundan “Səbail”in uğurları üçün çalışırdı. O, daha öncə “Neftçi”nin ikinci komandasında, həmçinin “Kəpəz” və “Turan Tovuz”da da oynayıb. Zamanov futbola da məhz keçmiş “İnter”də (indiki “Şamaxı”) başlayıb, bu klubun U-19 komandasında oynayıb.
Xatırladaq ki, daha əvvəl hücumçu Emil Qasımovu transfer edən “Şamaxı” Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə sözləşməni yeniləyib. Əvəzində Bəhruz Teymurov və Samir Qurbanovla vidalaşan əyalət klubu bu gün Adil Nağıyevlə icarə müqaviləsini ləğv etdiyini açıqamışdı. Hansı ki, o da müqavilə ilə məxsus olduğu “Səbail”ə qayıdıb.


