Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” komandası bu gün qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb. Arena.az xəbər verir ki, qəsəbə təmsilçisi bu gün səhər saatlarında qardaş ölkəyə yola düşüb.
Antalyada bir araya gələcək “qartallar” burada “İC Green Palace” otelində məskunlaşacaq. Komandanın bəzi legionerləri də məhz burada düşərgəyə qoşulacaqlar.
“Qartallar” təlim-məşq toplanışı müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da Rumıniyanın “Kindiya Tırqovişte” klubu ilə üz-üzə gələcək. Rəşad Sadıqovun yetirmələri ayın 17-də Macarıstanın “Seged-Çanada” və Serbiyanın “Radniçki” komandaları ilə də qarşılaşacaq.
“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.
Xatırladaq ki, qəsəbə təmsilçisi mövsümün geridə qalan hissəsini 28 xalla dördüncü pillədə başa vurub. Sözügedən komanda qış fasiləsindən sonrakı ilk matçında “Sumqayıt”la qarşılaşacaq. Bu oyun yanvarın 25-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.


