Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” komandasında istirahət müddəti başa çatıb. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün Türkiyəyə yola düşüb.
Bundan bir gün əvvəl isə “Səbail”in yeni baş məşqçisi Şahin Diniyevin komanda ilə iclası baş tutub. Baş məşqçi oyunçularla tanış olub. O, məşqçilər korpusunun yeni üzvlərini də kollektivə təqdim edib. Beləliklə, Diniyevə yeni iş yerində aşağıdakı məşqçilər kömək edəcəklər:
Azər Məmmədov – baş məşqçinin köməkçisi
Kərim Diniyev – baş məşqçinin köməkçisi
Elmir Xankişiyev – fiziki hazırlıq üzrə məşqçi
Fuad Əsədov – qapıçılar üzrə məşqçi
“Dənizçilər” yanvarın 17-dək Türkiyədə təlim-məşq toplanışında olacaq. Şahin Diniyev bu müddətdə 3 yoxlama görüşündə komandasını sınayacaq. Bakı təmsilçisi yanvarın 8-də “Legiya” (Polşa), 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.
Xatırladaq ki, “Səbail” ilk iki dövrədən sonra Azərbaycan Premyer Liqasında 10 xalla sonuncu pillədə qərarlaşıb. Ötən gün Premyer Liqanın digər təmsilçisi “Zirə” də Antalyaya təlim-məşq toplanışına yollanmışdı. Qarşıdakı günlərdə digər elita təmsilçilərinin də qardaş ölkəyə yollanması gözlənilir.


