Almaniyanın “Auqsburq” klubunun hücumçusu Florian Niederlexner Bundesliqanın digər təmsilçisi “Herta”ya transfer olunub. Arena.az xəbər verir ki, bu barədə onun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Almaniyadan olan 32 yaşlı futbolçu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. Lakin təcrübəli forvard yeni komandasına 2023-cü ilin yayında qoşulacaq. Həmin vaxta kimi o, “Auqsburq”un uğurları üçün çalışmağa davam edəcək.
Florian Niederlexner 2019-cu ilin yayından “Auqsburq”da forma geyinir. O, bu komandanın heyətində 107 oyuna çıxıb, 30 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. Alman hücumçu daha öncə “Frayburq”, “Haydenhaym”, “Unterhaxinq”, “İsmaninq” və “Maynts”ın da uğurları üçün çalışıb.
“Herta” “Holştayn”dan Fabian Rezeni də transfer edib. 25 yaşlı hücumçu ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə imzalanıb. Lakin Florian kimi, Fabian da bu mövsümün sonuna kimi indiki klubunda qalacaq. O da yeni komandasına yayda qoşulacaq.
Fabian Reze “Şalke”nin yetirməsidir. O, vaxtilə “Karlsrue” və “Qroyter”də icarədə də oynayıb. Alman hücumçu 2020-ci ildən “Holştayn”da forma geyinir. Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, “Holştayn”da 102 oyuna çıxıb, 11 qol və 24 məhsuldar ötürmə müəllifi olub.
“Herta” norveçli sol cinah müdafiəçisi Fredrik Byorkanla da yollarını ayırıb. O, yetirməsi olduğu Norveçin “Bodo Qlimt” klubuna transfer olunub. 24 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilin 31 iyuluna kimi müqavilə bağlayıb.
Byorkan “Herta”da cəmi 10 oyuna çıxıb. O, ötən mövsüm Niderlandın “Feyenoord” komandasında icarədə də oynayıb. Norveç milli komandasının üzvü yığmada 8 oyun keçirib.


