Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” hücumçusu Uğur Cahangirov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Şamaxı” Uğur Cahangirova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Uğur Cahangirov “Şamaxı”nın öz yetirməsidir. Daha öncə əvəzedicilərin heyətində oynamış gənc hücumçu bu mövsümdən etibarən əsas komandanın düşərgəsinə cəlb olunmuşdu. 21 yaşlı futbolçu mövsümün ilk yarısında 4 oyuna çıxsa da, qol vurmağı bacarmayıb.
Xatırladaq ki, “Şamaxı” daha öncə Abdulla Rzayev, Adil Nağıyev, Bəhruz Teymurov və Samir Qurbanovla da yollarını ayırmışdı. Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə sözləşməni yeniləyən əyalət klubu Emin Zamanov və Emil Qasımovu da heyətinə qatıb.


