Niderlandın “Ayaks” klubunun müdafiəçisi Lisandro Maqalyan İspaniya La Liqasında mübarizə aparan “Elçe”yə keçib. Arena.az xəbər verir ki, bu barədə onun yeni klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. Maqalyan “Ayaks”dan azad agent kimi ayrıldığı üçün, “Elçe” Niderland klubuna təzminat ödəməyib.
Lisandro Maqalyan 2019-cu ildən “Ayaks”da çıxış etsə də, Niderland klubunda möhkəmlənə bilməyib. 29 yaşlı futbolçu Amsterdam təmsilçisində cəmi 9 oyuna çıxıb. Bu üzdən də o, “Alaves”, “Krotone” və “Anderlext” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. Argentinadan olan müdafiəçi “Ximnasiya La Plata”, “Boka Xuniors”, “Rosario Sentral” və “Defensa Xustisiya” kimi klubların da formasını geyinib. Maqalyan vaxtilə Argentinanın gənclərdən ibarət yığmasında da oynayıb.


