Futbol üzrə Xorvatiya milli komandasının hücumameyilli yarımmüdafiəçisi Mislav Orşiç Zaqreb “Dinamo”sundan ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı vinger bundan sonra İngiltərənin “Sauthempton” klubunun uğurları üçün çalışacaq.
Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. O, 2025-ci ilin 30 iyununa kimi “Sauthempton”da forma geyinəcək.
Bu, Premyer Liqa təmsilçisinin qış fasiləsindəki ilk transferidir. “Sauthempton” bu transferə görə Zaqreb təmsilçisinə 6.8 milyon avro ödəyib.
Mislav Orşiç 2018-ci ilin yayından “Dinamo”da forma geyinirdi. O, bu komandanın heyətində 214 oyuna çıxıb, 91 qol vurub, 40 məhsuldar ötürmə ilə yadda qalıb. Orşiç “İnter” (Zapreşiç), “Ulsan Hyundai”, “Jeonnam Draqons”, “Çelye”, “Çanqçun Yatai”, “Spetsiya” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi Xorvatiya milli komandasında 27 oyuna çıxıb və 2 qol vurub.
Xatırladaq ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Mahir Emreli də Zaqreb “Dinamo”sunun formasını geyinir. Mislav Orşiçin gedişindən sonra 25 yaşlı futbolçumuzun Xorvatiya nəhənginin əsas heyətində daha çox meydana çıxması gözlənilir. Çünki onların hər ikisi sağ cinah vingeri mövqeyində çıxış edir. Millimizin yarımmüdafiəçisi 2022-ci ilin fevralından formasını geyindiyi “Dinamo”da indiyə qədər cəmi 20 oyuna çıxıb və 5 qol vura bilib.


