Almaniyanın “Auqsburq” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi xorvatiyalı hücumçu Dion Belyo və belçikalı yarımmüdafiəçi Arne Engelsi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onların hər ikisi ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. Auqsburqlular “Brügge”dən transfer olunan 19 yaşlı Engelsə görə cəmi 100 min avro ödəyiblərsə, “Osiyek”dən gələn Belyonun transferinə görə 3 milyon avrodan keçiblər.
Arne Engels “Brügge”nin öz yetirməsidir. 19 yaşı olmasına baxmayaraq, 2020-ci ildən klubun əsas komandasında forma geyinən futbolçu, 35 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə edib. Sağ cinah yarımmüdafiəçisi Belçikanın U-19 yığmasında da forma geyinir.
Dion Belyo isə peşəkar karyerasına yetirməsi olduğu “Çibaliya”da başlayıb. O, 2019-cu ilin yayında məhz bu klubdan “Osiyek”ə transfer olunmuşdu. 2021/22 mövsümünü “İstra”da icarədə keçirən futbolçu, burada 37 oyuna 20 qol vurub, 4 məhsuldar ötürmə edib. 20 yaşlı forvardın “Osiyek” karyerası isə 35 oyun, 10 qol və 3 məhsuldar ötürmədən ibarətdir. Gənc futbolçu hazırda Xorvatiyanın U-21 yığmasına da dəvət alır.
“Auqsburq” müdafiəçisi Rafael Frambergeri isə “Sandhauzen”ə icarəyə verib. Almaniyadan olan 27 yaşlı futbolçunun bu mövsümün sonuna kimi aşağı liqa klubunda forma geyinəcəyi açıqlanıb.
Rafael Framberger bu klubun öz yetirməsidir. O, Bundesliqa təmsilçisinin əsas komandasında 89 oyuna çıxıb. Sağ cinah müdafiəçisi bu görüşlərdə cəmi 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.



