Yaroslav Rakitski yenidən Donetsk “Şaxtyor”unda!

Futbol üzrə Ukrayna milli komandasının sabiq müdafiəçisi Yaroslav Rakitski yenidən Donetsk “Şaxtyor”una qayıdıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu keçmiş komandası ilə 2022/23 mövsümünün sonunadək müqaviləyə imza atıb. Sonuncu iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olan futbolçu doğma komandasına azad agent kimi qoşulub.

Xatırladaq ki, Yaroslav Rakitski məhz “Şaxtyor”un yetirməsidir. O, 2019-cu ilə qədər bu komandanın heyətində 326 oyuna çıxıb, 14 qol və 31 məhsuldar ötürmə müəllifi olub. 2019-cu ilin yanvarında 10 milyon avro qarşılığında Rusiyanın “Zenit” klubuna transfer olunan müdafiəçi, Sankt-Peterburq təmsilçisində 108 oyuna 7 qol vurub, 11 məhsuldar ötürmə edib. 2022-ci ilin martında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra o, “Zenit”dən ayrılmağa qərar vermiş və azad agent kimi “Adana Dəmirspor”la müqavilə bağlamışdı. Ukraynalı futbolçu Super Liqa təmsilçisində cəmi 9 oyuna çıxıb. O, bu matçlarda cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rakitski Ukrayna yığmasında 54 oyun keçirib, 4 qol vurub. O, 2019-cu ilin noyabrında yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: