Futbol üzrə Fransan çempionatının yüksək liqasında (Liqa 1) mübarizə aparan “Oser” klubu heyətinə yeni oyunçu cəlb edib. Arena.az xəbər verir ki, sözügedən klub Belçikanın “Gent” komandasının yarımmüdafiəçisi Elişa Ovusunu transfer edib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 25 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə imzalayıb. “Oser”in bu transfer üçün Belçika klubuna nə qədər təzminat ödədiyi hələ məlum deyil.
Elişa Ovusu 2019-cu ilin yayından “Gent”in formasını geyinirdi. Onun belçikalılarla müqaviləsi mövsümün sonuna qədər idi. Qana millisinin də üzvü olan dayaq yarımmüdafiəçi Belçika komandasında 126 oyun keçirib.
Fransada anadan olan Ovusu Lion “Olimpik”inin yetirməsidir. O, “Gent”dən öncə icarə əsasında “Soşo”da oynayıb. Futbolçu ötən ilin martından formasını geyindiyi Qana yığmasında cəmi 3 matça çıxıb.
Oserlilər gənc müdafiəçi Pol Jolini də “Dijon”a icarə verdiklərini açıqlayıblar. 22 yaşlı futbolçunun bu il 30 iyuna qədər icarədə oynayacaq. O, 2020-ci ildə “Amyen”dən transfer olunduğu Liqa 1 təmsilçisində 20 oyuna çıxıb, 2 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, “Gent” Avropa Konfrans Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Ağdam klubu “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də Gentdə keçirəcək.
Bir neçə gün öncə “Gent” müdafiəçisi Andreas Hançe-Olseni də Almaniyanın “Maynts” klubuna satmışdı.


