Futbol üzrə Kamerun milli komandasının hücumçusu Vensan Abubakar Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu gözlənildiyi kimi, Türkiyənin “Beşiktaş” klubuna transfer olunub.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2.5+1 illik müqavilə imzalanıb. Futbolçu köhnə-yeni klubuna azad agent kimi keçib. Bu üzdən də “qara-qartallar” ona 1 milyon 140 min avro imza pulu ödəyib. O, 2022/23 mövsümündə 1 milyon 555 min avro, qalan iki mövsüm üçün isə 3 milyon 110 min avro qazanacaq.
Xatırladaq ki, Vensan Abubakar daha öncə iki dəfə “Beşiktaş”ın uğurları üçün çalışıb. O, 2016/17 mövsümündə “Portu”dan icarə əsasında keçdiyi İstanbul təmsilçisində 27 oyuna çıxıb, 12 qol vurub.
2020-ci ilin sentyabrında “Beşiktaş” “Portu”ya 5 milyon avro ödəyərək Abubakarı birdəfəlik heyətinə qatıb. Həmin vaxt Super Liqada 26 oyuna 15 qol vuran Vensan, komandanın çempion olmasında önəmli pay sahibinə çevrildi. Mövsümün sonunda – 2021-ci ilin iyulunda “Əl-Nəsr”dən astronomik təklif alan hücumçu Səudiyyə Ərəbistanına üz tutmuşdu. O, bu komandanın heyətində 39 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib. Kristiano Ronaldonun “Əl-Nəsr”ə transferindən sonra Abubakarın komandadan ayrılacağı barədə xəbərlər yayılmağa başlamışdı. Onu heyətinə qatmaq istəyən klubların başında isə məhz “Beşiktaş” dururdu. Çünki bu komandanın əsas qol silahı Vout Veqhorst bir müddət öncə İngiltərənin “Mançester Yunayted” klubuna transfer olunmuşdu.
Abubakar karyerası ərzində “Koton Sport”, “Valensyen” və “Loryan” kimi klubların da formasını geyinib. O, Kamerun yığmasında 95 oyun keçirib, 39 qol vurub.


