Futbol üzrə İtaliya milli komandasının sabiq qapıçısı Salvatore Siriqu A Seriyasının lideri olan “Napoli” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 36 yaşlı qolkiper bundan sonra elitanın digər təmsilçisi “Fiorentina”nın uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Təcrübəli qapıçı Florensiya klubu ilə 6 ay + 1 illik şərtlə müqavilə bağlayıb.
Xatırladaq ki, Salvatore Siriqu 2022-ci ilin avqustunda “Cenoa”dan ayrılaraq “Napoli” ilə 1+1 illik müqavilə bağlamışdı. Amma o, Neapol təmsilçisində debüt şansı qazanmayıb. “Palermo”nun yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış Siriqu, sonralar “Kremoneze”, “Ankona”, PSJ, “Sevilya”, “Osasuna”, “Torino” və “Cenoa”da da çıxış edib. O, İtaliya yığma komandasında da 28 oyun keçirib.

Siriqu ilə yollarını ayıran “Napoli” onun əvəzində Pyerluici Qollinini heyətinə cəlb edib. “Atalanta”nın qapıçısı bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb.
Pyerluici Qollini 2017-ci ilin yanvar ayından “Atalanta”da çıxış edirdi. İtaliyalı qapıçı bu komandanın heyətində 112 oyuna çıxıb. İtaliya millisində də 1 oyun keçirmiş qapıçı, əvvəllər “Verona” və “Aston Villa”nın formasını geyinib. 27 yaşlı qolkiper ötən mövsüm İngiltərənin “Tottenhem” klubunda da icarədə olub. Bu mövsümün əvvəlindən isə o, “Fiorentina”da icarədə idi. “Napoli” Siriqunu Florensiya klubuna məhz Qollinini heyətinə qatmaq üçün buraxıb.


