“Sauthempton” yeni müdafiəçi ilə gücləndi

İngiltərə Premyer Liqasında mübarizə aparan “Sauthempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Luton Taun”un sağ cinah müdafiəçisi Ceyms Brini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Sauthempton” bu transferə görə Çempionşip təmsilçisinə 850 min avro ödəyib. İngiltərədən olan 25 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Ceyms Bri peşəkar karyerasına “Barnsli”də başlayıb. 2017-ci ildə “Aston Villa”ya transfer olunan müdafiəçi bu komandada 28 oyuna çıxıb. O, 2019-cu ildə “İpsviç Taun”a, növbəti ildə isə “Luton Taun”a icarəyə verilib. 2020-ci ilin sentyabrında “Luton Taun” onu birdəfəlik transfer edib. Futbolçu Çempionşip təmsilçisində meydana çıxdığı 143 oyunda 2 qol vurub, 30 məhsuldar ötürmə müəllifi olub.

Yeri gəlmişkən, “Luton Taun” Premyer Liqa təmsilçisi “Lids”dən müdafiəçi Koudi Drameni icarəyə götürüb. 21 yaşlı ingilis mərkəz müdafiəçisi bu mövsümün sonunadək icarədə oynayacaq. “Lids”in öz yetirməsi olan futbolçu bu klubun əsas komandasında 43 oyuna 2 qol və 7 məhsuldar ötürmə müəllifi olub. O, 2022-ci ildə “Kardiff Siti”də də icarədə oynayıb. Drame İngiltərənin U-18, U-20 və U-21 yığmalarında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: