Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və “Şamaxı”nın müdafiəçisi Mirəli Əhmədov Premyer Liqada klubunu dəyişib. Arena.az xəbər verir ki, sol cinah müdafiəçisi paytaxt təmsilçisi “Səbail”ə keçib.
Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Əhmədovla 2023/24 mövsümünün sonunadək davam edəcək ilyarımlıq müqavilə imzalanıb.
Xatırladaq ki, Mirəli Əhmədov 2022/23 mövsümünün əvvəlindən “Şamaxı”da idi. 19 yaşlı müdafiəçi bu klubun əsas komandasında cəmi 1 oyuna çıxıb. Mirəli “Neftçi”nin yetirməsidir. O, paytaxt klubunun həm U-19, həm də əvəzedicilərdən ibarət komandasında forma geyinib. 2021/22 mövsümündə isə müdafiəçi “Sabah”ın əvəzedici komandasında çıxış edib. Azərbaycanın U-16, U-17 və U-19 yığmalarında oynamış futbolçu, ötən ildən U-21-ə dəvət alır. O, gənclərdən ibarət yığmamızda 2 oyun keçirib.


