“Loryan” “Udineze”yə 10 milyon avro ödədi – Makenqo üçün

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Loryan” klubu heyətini yeni oyunçu ilə gücləndirib. Arena.az xəbər verir ki, elita təmsilçisi İtaliyanın “Udineze” klubundan Jan-Viktor Makenqonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Loryan” bu transfer üçün İtaliya klubuna 10 milyon avro ödəyib. 24 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Jan-Viktor Makenqo 2020-ci ilin oktyabr ayında Fransanın “Nitsa” klubundan 3.5 milyon avro qarşılığında “Udineze”yə transfer olunmuşdu. O, bu komandada 72 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Fransanın “Kan” klubunun yetirməsi olan futbolçu, ölkəsində “Nitsa”dan başqa “Tuluza”nın da formasını geyinib. O, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.

Yeri gəlmişkən, “Udineze” də heyətinə yeni futbolçu cəlb edib. A Seriyası təmsilçisi braziliyalı hücumçu Mateus Martinsi transfer edib. Braziliyanın “Fluminense” klubundan tansfer olunan 19 yaşlı forvard üçün 6 milyon avro ödənilib. Onunla uzunmüddətli müqavilə bağlayan “Udineze” yeni transferini İngiltərənin “Uotford” klubuna icarəyə verib. Martinsin bu mövsümün sonunadək Çempionşip klubunda icarədə oynayacağı diqqətə çatdırılıb.

Mateus Martins məhz “Fluminense” klubunun yetirməsidir. O, bu komandada meydana çıxdığı 51 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: