Futbol üzrə Uruqvay milli komandasının sol cinah müdafiəçisi Matias Vinya İtaliyanın “Roma” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonrakı karyerasını İngiltərədə davam etdirəcək.
O, Premyer Liqada mübarizə aparan “Bornmut”la müqavilə imzalayıb. İngiltərə klubu futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb. “Bornmut” 6 aylıq icarə üçün İtaliya klubuna 750 min avro ödəyəcək. Futbolçunun transfer hüquqlarının alınması üçün isə yayda əlavə 6 milyon avro ödəmək lazım gələcək.
Xatırladaq ki, Matias Vinya 2021-ci ilin avqust ayında Braziliyanın “Palmeyras” klubundan 13 milyon avro qarşılığında “Roma”ya transfer olunmuşdu. Müdafiəçi paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 44 oyunda cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu daha öncə yetirməsi olduğu Uruqvay “Nasional”ında da oynayıb. Vinya Uruqvay milli komandasında 28 oyun keçirib.


