Adnan Yanuzay “Sevilya”nı “Başakşəhər”ə dəyişdi

Futbol üzrə Belçika milli komandasının yarımmüdafiəçisi Adnan Yanuzay İspaniyanın “Sevilya” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 27 yaşlı vinger Türkiyənin “Başakşəhər” klubuna keçib.

Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında Türkiyədə forma geyinəcək.

Adnan Yanuzay 2022-ci ilin avqust ayında azad agent kimi “Sevilya”ya keçmiş və bu klubla 2026-cı ilin 30 iyununa qədər müqavilə bağlamışdı. O, La Liqa təmsilçisində cəmi 6 oyuna çıxıb.

Yanuzay daha öncə “Mançester Yunayted”, “Sanderlend”, “Borussiya” (Dortmund), “Real Sosyedad” kimi klubların da formasını geyinib. O, Belçika milli komandasında 15 oyuna 1 qol vurub.

“Başakşəhər” İsrail milli komandasının dayaq yarımmüdafiəçisi Eden Kartsevi də transfer edib. Netanya “Makkabi”sindən gələn 22 yaşlı futbolçu ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. İstanbul klubu bu transferə görə İsrail təmsilçisinə 2.3 milyon avro ödəyib.

Eden Kartsev Təl-Əviv “Makkabi”sinin yetirməsidir. O, “Beytar” (Təl-Əviv), “Hapoel” (Hadera), “İroni Kiryat Şmona” kimi klubların da formasını geyinib. 2021-ci ilin avqustundan Netanya təmsilçisində forma geyinən yarımmüdafiəçi, bu komandada 44 oyuna 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, İsrail milli komandasında da 5 oyun keçirib.

Bertrand Traore “Aston Villa”ya qayıtdı

“Başakşəhər” bu mövsümün əvvəlində İngiltərənin “Aston Villa” klubundan icarəyə götürdüyü hücumameyilli yarımmüdafiəçi Bertrand Traore ilə də yollarını ayırıb. Super Liqa klubu Burkina Fasodan olan futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. 27 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 18 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bertrand Traore İngiltərənin “Çelsi” klubunun yetirməsidir. O, London klubunda olarkən “Vitess” və “Ayaks” kimi komandalarda icarədə də oynayıb. Yarımmüdafiəçi “zadəganlar”ın heyətində cəmi 16 matça çıxıb, 4 qol vurub. 2017-ci ildə “Çelsi”dən Fransanın “Olimpik” (Lion) klubuna transfer olunan Traore, Liqa 1 təmsilçisində 3 mövsüm keçirib. O, 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edir. Bu komandada 2 mövsümə 48 oyun keçirmiş futbolçu, bu oyunlarda 8 qolla yadda qalıb. O, Burkina Faso yığmasında da 68 oyuna 15 qol vurub.

Traoreni geri qaytaran “Aston Villa” digər futbolçularından Marvelus Nakambanı (29 yaş, yarımmüdafiəçi) “Luton”a, Eron Remzini (20 yaş, yarımmüdafiəçi) isə “Midlsbro”ya icarəyə verib. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: