Antonin Barak üçün 8.5 milyon avro ödədi – İtaliya klubu

Fiorentina” mövsümün əvvəlində “Verona”dan icarəyə götürdüyü Antonin Barak üçün 8.5 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Çexiya milli komandasının da üzvü olan futbolçu ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. Florensiya təmsilçisinə 2022-ci ilin avqust ayında icarə əsasında keçən yarımmüdafiəçi bu komandada 23 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

“Pribram”ın yetirməsi olan Antonin Barak karyerası ərzində “Vlaşim”, “Slaviya” (Praqa), “Udineze”, “Leççe” və “Verona”da da oynayıb. 28 yaşlı futbolçu Çexiya millisində keçirdiyi 35 oyunda 8 qola imza atıb.

“Fiorentina” hücumameyilli yarımmüdafiəçisi Abdelhamid Sabirini də “Sampdoriya”ya icarəyə verib. 26 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. O, cari mövsümün əvvəlində məhz “Sampdoriya”dan 2.5 milyon avroya keçdiyi Florensiya təmsilçisində rəsmi matça çıxmayıb. Yarımmüdafiəçi “Sampdoriya”da isə 30 oyuna 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Mərakeşli futbolçu daha öncə “Askoli”, “Sportfrunde”, “Paderborn”, “Nürnberq”, “Haddersfild” və “Darmştadt” kimi klublarda da forma geyinib. Mərakeş yığmasında 7 matça çıxan futbolçu 1 qol vurub.

“Verona” və “Torino”da yeni oyunçu və ayrılıqlar

Antonin Barakı Florensiya klubuna satan “Verona” digər yarımmüfafiəçisi İvan İliçi də “Torino”ya icarəyə verib. Serbiyadan ollan 21 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə Turin klubuna keçib. Daha öncə “Srvena Zvezda”, “Zemun”, “NAK Breda” kimi klublarda da oynamış futbolçu, “Verona”da 76 oyuna 5 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, Serbiya yığmasında da 7 matç keçirib.

“Verona” heyətinə iki yeni futbolçu da cəlb edib. A Seriyası təmsilçisi Rusiyanın ÇSKA (Moskva) klubundan Adolfo Qayçı, Şotlandiyanın “Seltik” komandasından isə Oliver Abildqoru icarəyə götürüb. Hər iki futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. Amma Adolfo Qayçın müqaviləsində satınalma ilə də bağlı şərt var. İtaliya klubu yarım mövsümlük icarə üçün də ruslara 500 min avro ödəyəcək.

“Torino” yarımmüdafiəçisi Simone Ederanı da “Pordenone”yə icarəyə verib. 26 yaşlı vinger bu mövsümün sonuna kimi icarədə olacaq. Turin təmsilçisinin öz yetirməsi olan italiyalı yarımmüdafiəçi daha öncə “Venetsiya”, “Parma”, “Bolonya” və “Recina”da da icarədə olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: