Bu ilin əvvəlində Türkiyənin “Ankaragücü” klubundan ayrılan ispaniyalı hücumçu Xese Rodriqes karyerasını İtaliyada davam etdirəcək. Arena.az xəbər verir ki, 29 yaşlı forvard A Seriyasında mübarizə aparan “Sampdoriya” ilə anlaşıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilə bu mövsümün sonunadək nəzərdə tutulub. Lakin futbolçunun performansından asılı olaraq, bu sözləşmənin yayda daha 1 il uzadılması da mümkündür.
Xatırladaq ki, Xese Rodriqes 2022-ci ilin iyul ayında transfer olunduğu “Ankaragücü” ilə 1+1 illik müqaviləyə imza atmışdı. O, Ankara təmsilçisində bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qola imza atıb. Onun Türkiyə klubu ilə müqaviləsinin müddəti yayda bitəcəkdi.
Xese Madrid “Real”ının yetirməsidir. O, 2011-ci ildə cəlb olunduğu bu klubun əsas komandasında 5 il forma geyinib. 2016-cı ildə isə paytaxt klubu yetirməsini 25 milyon avroya PSJ-yə satıb. Amma Xesenin PSJ karyerası uğursuz alınıb. O, Paris təmsilçisində cəmi 18 oyuna çıxıb və 2 qola imza atıb. Bu üzdən də forvard daha çox digər klublara icarəyə verilib. İspan forvard “Las Palmas”, “Stok Siti”, “Betis” və “Sportinq”də icarədə oynayıb. 2021-ci ilin fevralında isə “Las Palmas” onu birdəfəlik heyətinə qatmışdı. Amma təcrübəli forvard 2022-ci ilin yayında İspaniya klubundan ayrılmağa qərar vermişdi.
Sonda onu da xatırladaq ki, son dövrlərdə Xesenin karyerasını Azərbaycanda davam etdirəcəyi barədə xəbərlər yayılmışdı. İspaniya mətbuatı onun “Sabah”la danışıqlar apardığını yazırdı.


