ABŞ-ın “Los Anceles Qalaksi” klubunun sağ cinah müdafiəçisi Xulian Arauxo İspaniya nəhəngi “Barselona”ya transfer olunub. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu ilə 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müavilə imzalanıb. “Barselona” bu transfer üçün MLS klubuna 4 milyon avro ödəyib.
Meksika əsilli amerikalı futbolçu məhz “Barselona” akademiyasında yetişib. Lakin o, 2018-ci ilin yanvar ayında Kataloniya təmsilçisindən ayrılaraq “Los Anceles Qalaksi”nin akademiyasına üz tutmuşdu. 2019-cu ildə ABŞ klubunun əsas komandasına cəlb olunmağa başlayan müdafiəçi, burada 109 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.
Arauxo bu mövsümün qalan hissəsində İspaniya təmsilçisinun gənclərdən ibarət komandasında çıxış edəcək. O, yayda əsas komanda üçün sifariş ediləcək.
Xatırladaq ki, Xulian Arauxo ABŞ-ın Kaliforniya ştatında dünyaya göz açıb, Birləşmiş Ştatların U-16, U-18, U-19, U-20, U-23 və hətta əsas yığmasında da oynayıb. Lakin 2021-ci ildə fikrini dəyişən müdafiəçi Meksika yığmasında oynamağa qərar verib. O, bu ölkənin milli komandasında 3 oyun keçirib.


